83:1 | Vay halına çəkidə və ölçüdə aldadanların! |
83:2 | O kəslər ki, özlərini insanlardan (bir şey) aldıqları zaman onu tam ölçüb alar, |
83:3 | Onlar üçün ölçdükdə və ya çəkdikdə isə (onu) əskildərlər. |
83:4 | Məgər onlar (öləndən sonra) diriləcəklərini düşünmürlərmi?! |
83:5 | Özü də dəhşətli bir gündə?! |
83:6 | O gün bütün insanlar (haqq-hesab üçün) aləmlərin Rəbbinin (Allahın) hüzurunda duracaqlar! |
83:7 | Xeyr! Şübhəsiz ki, pis əməllərə uyanların (kafirlərin) əməl dəftəri (şeytanların əməllərinin yazıldığı və ya Cəhənnəmin ən alt təbəqəsi olan) Siccindədir! |
83:8 | Sən nə bilirsən (haradan bilirsən) ki, Siccin nədir?! (Və ya: Siccin nədir, bilirsənmi?) |
83:9 | O, yazılı bir kitabdır! |
83:10 | O gün vay halına yalan sayanların! |
83:11 | O kəslər ki, haqq-hesab gününü yalan sayarlar. |
83:12 | Bunu isə ancaq həddini aşan, günaha batan yalan sayar. |
83:13 | Ayələrimiz ona oxunduğu zaman: “(Bunlar) qədimlərin əfsanələridir (uydurmalarıdır!)” – deyər. |
83:14 | Xeyr (belə deyildir). Əslində onların qəlblərini qazandıqları (günahlar) qaplamışdır. |
83:15 | Xeyr, o gün Rəbbinin mərhəmətindən məhrum olacaqlar! |
83:16 | Sonra Cəhənnəmə varid qalacaqlar. |
83:17 | Sonra da onlara: “Bu sizin (dünyada) yalan saydığınız (Cəhənnəmdir)!” deyiləcəkdir. |
83:18 | Xeyr! (Mö’minlərlə kafirlər eyni ola bilməzlər). Şübhəsiz ki, yaxşı əməl və itaət sahibi olan mö’minlərin əməl dəftəri (Allahın ən müxlis bəndələrinin əməlləri yazıldığı və ya Cənnətin ən yüksək mərtəbəsi olan) İlliyyundadır! |
83:19 | Sən nə bilirsən (haradan bilirsən) ki, İlliyyun nədir?! |
83:20 | O, yazılı bir kitabdır. |
83:21 | Onu ancaq (Allaha) yaxın olan mələklər görə bilər! |
83:22 | Həqiqətən, yaxşı əməl və itaət sahibi olan mö’minlər Nəim cənnətlərində olacaqlar. |
83:23 | Onlar taxtlar üstündə (əyləşib Allahın hazır etdiyi ne’mətlərə) tamaşa edəcəklər. |
83:24 | Sən (ey Peyğəmbər!) onların üzlərində cənnət sevinci görəcəksən! |
83:25 | Onlara (gözəl ətirli, təmiz) möhürlü (qablarda olan) şərab (rəhiq) içirdiləcəkdir. |
83:26 | Onun (içində rəhiq olan qabın) möhürü müşkdür. Qoy yarışanlar onun üçün yarışsınlar! |
83:27 | Ona təsnim (suyu) qatılmışdır. |
83:28 | O (təsnim) elə bir çeşmədir ki, ondan (təmiz halda) yalnız (Allaha) yaxın olanlar içər (qalanlara isə o rəhiq şərabına qatılıb verirlər). |
83:29 | Həqiqətən, günahkarlar iman gətirmiş kimsələrə (dünyada) gülürdülər. |
83:30 | (Mö’minlərin) yanlarından keçərkən (onları dolamaq məqsədilə) bir-birinə qaş-göz edirdilər. |
83:31 | Ailələrinin (yaxın adamlarının) yanına qayıtdıqda isə (onları doladıqları üçün) kefləri kök qayıdırdılar. |
83:32 | Onlar (mö’minləri) gördükdə: “Doğrusu, bunlar (haqq yoldan) azanlardır!” – deyirdilər. |
83:33 | Halbuki onlara (mö’minlərə) nəzarətçi göndərilməmişdir. |
83:34 | Bu gün isə mö’minlər kafirlərə güləcəklər. |
83:35 | Onlar taxtlar üstündə (əyləşib) baxacaqlar (ki, görsünlər). |
83:36 | Kafirlər öz əməllərinin cəzasını aldılarmı?! (Əlbəttə, aldılar!) |