Quantcast
Ads by Muslim Ad Network









an-Naba` Farsi:: Ghodratollah Bakhtiari Nejad 

Ayat
78:1(Bu müşriklər) bir-birindən nə haqqında soruşurlar?
78:2Böyük bir xəbər (qiyamət günü) haqqında!
78:3Elə bir xəbər ki, onun barəsində ixtilafdadırlar.
78:4Xeyr, onlar (qiyamətin haqq olduğunu) mütləq biləcəklər!
78:5Bir də (deyirəm) xeyr, onlar (qiyamətin haqq olduğunu) mütləq biləcəklər!
78:6Məgər Biz yeri döşək etmədikmi?!
78:7Dağları da dirək?!
78:8Biz sizləri (erkək və dişi olmaqla) cüt-cüt yaratdıq.
78:9Yuxunuzu da istirahət etdik.
78:10Biz gecəni (hər şeyi bürüyən) örtük etdik.
78:11Gündüzü isə dolanışlıq (ruzi qazanmaq) vaxtı etdik.
78:12Üstünüzdə yeddi (qat) möhkəm (göy) qurduq.
78:13Sizin üçün çox parlaq bir çıxar (günəş) yaratdıq.
78:14(Küləklərin sıxdığı) buludlardan şırıl-şırıl tökülən yağmur endirdik ki,
78:15Onunla dən və bitki yetişdirək,
78:16Eləcə də (ağacları bir-birinə) sarmaşan bağlar.
78:17Həqiqətən, (haqla batili) ayırd etmə günü (əzəldən müəyyən edilmiş) bir vaxtdır!
78:18Sur çalınacağı gün (qəbirlərinizdən çıxıb) dəstə-dəstə (məhşərə) gələcəksiniz.
78:19(O gün) göy qapı-qapı (mələklərin yerə enməsi üçün göydə yarıqlar) açılacaqdır.
78:20Dağlar yerindən qopardılıb (havada toz kimi uçaraq) ilğıma dönəcəkdir.
78:21Həqiqətən, Cəhənnəm (mələklərin hazır durub kafirləri gözlədiyi) pusqudur!
78:22O, azğınların məskənidir.
78:23Onlar orada sonsuz müddət qalacaqlar.
78:24Onlar orada nə bir sərinlik (görəcək), nə də içməyə bir şey tapacaqlar;
78:25Qaynar sudan və irindən başqa!-
78:26(Dünyadakı əmələrinə) uyğun cəza olaraq.
78:27Çünki onlar haqq-hesab çəkiləcəyinə ümid bəsləmirdilər (qiyamət gününə inanmır, onun əzabından qorxmurdular).
78:28Ayələrimizi də elə hey təkzib edirdilər.
78:29Biz hər şeyi (bir-bir) sayıb (lövhi-məhfuzda) yazmışıq (və ya: əməl dəftərində yazıb təsbit etmişik).
78:30İndi (ey kafirlər!) dadın əzabı. Biz sizə əzabdan başqa bir şey artırmayacağıq!
78:31Həqiqətən, müttəqilərin nicat yeri (Cənnət),
78:32Bağçalar və üzüm bağları,
78:33Sinələri yenicə qabarmış (dolmuş, tumurcuqlanmış, gözəllikdə və məlahətdə bir-birinə bənzər) həmyaşıd qızlar.
78:34(Cənnət şərabı ilə) dolu qədəhlər gözləyir!
78:35Onlar orada (Cənnətdə) nə boş söz, nə də yalan eşidəcəklər.
78:36(Bu, müttəqilərə) Rəbbindən olan mükafat, artıqlaması ilə verilən bəxşişdir -
78:37Göylərin, yerin və onların arasındakıların Rəhman olan Rəbbindən (göndərilən bəxşişdir). Onlar (məxluqat) Onun hüzurunda heç bir söz deməyə qadir olmazlar!
78:38Ruhun (Cəbrailin) və mələklərin səf-səf duracağı gün Rəhmanın izin verdiyi kimsələrdən başqa heç kəs danışmayacaq, danışan da doğrunu deyəcəkdir!
78:39Bu, haqq olan gündür. Kim dilərsə, (iman gətirib ibadət və itaət etməklə) Rəbbinə tərəf qayıdan bir yol tutar!
78:40Həqiqətən, Biz sizi yaxın bir əzabla (qiyamət gününün əzabı ilə) qorxutduq. O gün insan öz əlləri ilə etdiyi (yaxşı, pis) əməlləri görəcək, kafir isə: “Kaş (bu əzabı görməmək üçün) torpaq olaydım!” – deyəcəkdir.



Share this Surah Translation on Facebook...