Quantcast
Ads by Muslim Ad Network









at-Tur Farsi:: Ghodratollah Bakhtiari Nejad 

Ayat
52:1And olsun (Allahın Musa ilə danışdığı) Tur dağına;
52:2And olsun yazılmış kitaba (Tövrata, Qur’ana, yaxud bütün ilahi kitablara) -
52:3Açıq dəri üzərində (olan kitaba);
52:4And olsun (mələklərin ibadət etdiyi) Beytülmə’mura;
52:5And olsun yüksək tavana (uca göyə)
52:6Və dolub daşan (alovlanan) dənizə ki,
52:7Rəbbinin əzabı (Ya Peyğəmbər!) mütləq vaqe olacaqdır!
52:8Onu heç kəs dəf edə bilməz!
52:9O gün göy hərəkətə gəlib fırlanacaq (çalxalanacaq),
52:10Dağlar yerindən qopub (havada toz kimi) oynayacaqdır.
52:11O gün vay (peyğəmbərləri) yalançı hesab edənlərin halına!
52:12O kəslər ki, (dünyada) yalana qurşanıb qəflət içində oynayarlar.
52:13O gün onlar zorla cəhənnəm oduna sürüklənəcəklər.
52:14(Onlara belə deyiləcəkdir: ) “Bu sizin (dünyada) yalan hesab etdiyiniz cəhənnəm odudur!
52:15(Vəhyə, Qur’ana sehr dediyiniz kimi) bu da sehrdir, yoxsa (gözünüz qapanıb onun həqiqət olduğunu) görmürsünüz?
52:16Yanın orada! İstər dözün, istər yox; sizin üçün eynidir (həmişəlik Cəhənnəmdə qalacaqsınız). Siz ancaq etdiyiniz əməllərin cəzasını çəkəcəksiniz!”
52:17Müttəqilər isə, şübhəsiz ki, cənnətlər və ne’mətlər içində olacaqlar.
52:18Rəbbinin onlara əta etdiyi ne’mətlərdən zövq (ləzzət) alacaqlar. Rəbbi onları cəhənnəm əzabından qorumuşdur.
52:19(Onlara belə deyiləcəkdir: ) “(Dünyada) etdiyiniz yaxşı əməllərin müqabilində nuşcanlıqla yeyin-için;
52:20Səf-səf düzülmüş taxtlara söykəndiyiniz halda!” Biz onları iri (ahu) gözlü hurilərlə evləndirəcəyik.
52:21İman gətirib övladları imanla arxalarınca gedənlərin nəsillərini də (Cənnətdə) özlərinə qoşacağıq. Onların əməllərindən heç bir şey əskiltməyəcəyik. Hər kəs öz əməlinin girovudur!
52:22Onları istədikləri meyvə və ətlə (bol-bol) tə’min edəcəyik.
52:23Onlar orada bir-birinə (şərab dolu) qədəh ötürəcəklər. Onda (cənnət şərabının xislətində dünyakından fərqli olaraq) nə lağlağılıq, nə də günaha təhrik vardır.
52:24Onların ətrafında (xidmət üçün) özlərinə məxsus olan, sədəf içində gizlənmiş inci kimi gözəl oğlanlar dolanacaqlar.
52:25Onlar (dünyada gördükləri işlər barəsində) bir-birindən hal-əhval tutmağa başlayacaqlar.
52:26Və (söhbət əsnasında) belə deyəcəklər: “Biz bundan əvvəl (dünyada) ailəmiz içində olarkən (Rəbbimizin əzabından) qorxardıq.
52:27Artıq Allah bizə mərhəmət buyurub (minnət qoyub) bizi cəhənnəm (səmum) əzabından qorudu.
52:28Biz bundan əvvəl (dünyada) Ona ibadət edirdik. Şübhəsiz ki, O, (və’dinə sadiq) kərəm sahibidir, rəhm edəndir!”
52:29Elə isə (ya Peyğəmbər! Sən müşriklərə) öyüd-nəsihət ver. Sən öz Rəbbinin ne’məti (nübüvvət və islam dini) sayəsində nə kahinsən, nə də divanə!
52:30Yoxsa onlar (sənin barəndə): “(O) şairdir. Biz (ruzigarın gərdişi nəticəsində) onun başına gələcək müsibəti (ölüb getməsini) gözləyirik!” – deyirlər.
52:31De: “Gözləyin, mən də sizinlə birlikdə (sizin başınıza gələcək müsibəti) gözlələyənlərdənəm!”
52:32Yoxsa onların puç ağılları bunu (bu cür batil sözləri deməyi) onlara əmr edir? Xeyr, onlar azğın bir qövmdürlər.
52:33Yoxsa onlar: “Onu (Qur’anı) özündən uydurdun!” - deyirlər. Xeyr, onlar (həsədləri, təkəbbürləri və inadları üzündən) iman gətirmirlər.
52:34Əgər doğru deyirlərsə, qoy onlar bunun (bu Qur’an) kimi bir kəlam gətirsinlər!
52:35Yoxsa onlar heç bir şeydən (xaliqsiz) yarandılar?! Yaxud onlar (öz-özlərini) yaradanlardır?!
52:36Yoxsa göyləri və yeri yaratdılar?! Xeyr, onlar (Allaha) ürəkdən inanmırlar!
52:37Yoxsa (ya Peyğəmbər) sənin Rəbbinin xəzinələri onlardadır?! Yaxud (hər şeyə) onlar hakimdirlər?!
52:38Yoxsa onların üstünə çıxıb (vəhyi) dinlədikləri bir nərdivanı vardır?! Elə isə qoy onların (vəhyi) dinləyənləri açıq-aşkar bir dəlil gətirsinlər!
52:39Yoxsa qızlar Onun (Allahın), oğlanlar isə sizindir?!
52:40Yoxsa (ya Peyğəmbər! Risaləti təbliğ etdiyinə görə) sən onlardan bir ücrət (mükafat) istəyirsən və onlar ağır borc yükü altındadırlar?!
52:41Yoxsa onlar qeybi bilir və (orada olanı) yazırlar?! (Qiyamətin, axirət həyatının olmadığını oradan öyrənib Muhəmməd əleyhissəlamla mübahisə edirlər?)
52:42Yoxsa (ya Peyğəmbər! Sənə qarşı) bir tələ qurmaq istəyirlər? Amma kafirlər özləri o tələyə düşəcəklər!
52:43Yoxsa onların Allahdan başqa bir tanrısı vardır? Allah bunların Ona qoşduqları şəriklərdən tamamilə uzaqdır!
52:44Əgər onlar göyün bir parçasının (başlarına) düşdüyünü görsələr: “Bulud topasıdır!” – deyərlər (özlərinə əzab gəldiyinə inanmazlar).
52:45Elə isə (dəhşətdən) sarsılıb karıxacaqları günə qovuşana qədər sən onları tərk et!
52:46O gün hiylələri onlara heç bir fayda verməyəcəkdir (Allahın əzabını onlardan dəf edə bilməyəcək) və onlara heç bir kömək olunmayacaqdır.
52:47Şübhəsiz ki, zalımları (kafirləri) hələ bundan başqa da (dünyada və qəbir evində) əzab gözləyir. Lakin onların əksəriyyəti (bunu) bilməz!
52:48(Ya Peyğəmbər!) Sən öz Rəbinin hökmünə səbr et! Şübhəsiz ki, sən Bizim gözümüzün qabağındasan (himayəmiz altındasan). (Namaza) qalxdıqda Rəbbini həmd-səna ilə zikr et!
52:49Gecənin bir vaxtında nə ulduzlar batandan sonra (dan yeri söküləndə, yaxud sübh çağı) da Allahı təqdis edib şə’ninə tə’riflər de! (Gün ərzində vacib və əlavə namazları qıl!)



Share this Surah Translation on Facebook...